Accessibility links

Netanyahu Rəfaha hücumun atəşkəs və girovların azad edilməsi razılaşması olsa da, olmasa da baş verəcəyini deyir


İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı günü atəşkəs və Qəzzada saxlanılan girovların azad edilməsi üçün HƏMAS ilə razılığın olub-olmamasından asılı olmayaraq Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirməyə söz verib.

“Müharibənin bütün məqsədlərə çatana qədər onu dayandıracağımız ideyasından söhbət gedə bilməz. Biz Rəfaha girəcəyik və razılaşma olsa da və ya olmasa da tam qələbəyə nail olmaq üçün orada HƏMAS batalyonlarını məhv edəcəyik,” Netanyahunun ofisi girovların ailələri ilə görüşündə onun sözlərini sitat gətirib.

Netanyahu bildirib ki, oktyabr ayında İsrailə qarşı 1200 nəfərin ölümünə səbəb olan hücumu həyata keçirən HƏMAS-ı tam məğlub etmək üçün İsrail qüvvələrinin Rəfaha daxil olması zəruridir.

Hücum zamanı HƏMAS həmçinin 250-yə yaxın girov götürüb və qrupun sonrakı aylarda öldürülən və ya başqa bir şəkildə ölən 30 və ya daha çox girovun qalıqları ilə birlikdə təxminən 100 nəfəri hələ də saxladığı güman edilir.

Qəzza əhalisinin yarıdan çoxu Qəzza ilə Misir arasında sərhəddə yerləşən Rəfahda sığınacaq tapıb.

Bir çox fələstinli İsrailin hücumlarından xilas olmaq üçün Rəfaha qaçıb və Birləşmiş Millətlər Təşkilatı İsrailin bu şəhərə qurudan hücum təşkil edəcəyi təqdirdə potensial humanitar fəlakət barədə xəbərdarlıq edib.

Ağ Ev bazar ertəsi bildirib ki, ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında təklif olunan atəşkəsin həyata keçirilməsini təmin etmək üçün Misir və Qətərlə işləməyə söz verib.

Misir prezidenti Əbdülfəttah Əl-Sissi və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığı zamanı Bayden liderləri Qəzzada hələ də HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün əllərindən gələni etməyə çağırıb.

Ağ Evin bəyanatında girovların azad edilməsi “dərhal atəşkəs və Qəzza sakinlərinə yardımın qarşısında yeganə maneə” adlandırılıb.

Birləşmiş Ştatlar, Misir və Qətər müharibəni dayandırmaq üçün aylarla davam edən danışıqlarda iştirak edirlər. Hazırda baxılan təklifə təxminən altı həftə davam edən atəşkəs, HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi və Qəzzada fələstinli mülki şəxslər üçün humanitar yardımın artırılması daxildir.

HƏMAS rəsmiləri təklifi müzakirə etmək üçün bazar ertəsi Qahirədə Misir və Qətər nümayəndələri ilə görüşüb.

Danışıqlar ABŞ dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanı, İordaniya və İsrail rəsmiləri ilə vəziyyəti müzakirə etmək üçün bölgəyə səfər etdiyi vaxta təsadüf edir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks-hücumu 34500-dən çox insanın ölümünə səbəb olub, onların üçdə ikisi qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG