Accessibility links

HƏMAS Qəzzanın son atəşkəs təklifinə 'müsbət ruhda' yanaşır


HƏMAS Qəzzada atəşkəs razılaşmasını "müsbət ruhda" nəzərdən keçirdiyini bildirib. BMT isə dağıdılmış Fələstin ərazisinin bərpası üçün İkinci Dünya Müharibəsindən bəri görülməmiş səylərin tələb olunacağı barədə xəbərdarlıq edib.

HƏMAS aylarla davam edən və bir başlayan bir dayandırılan danışıqlardan sonra atəşkəs müqabilində girovların azad edilməsi ilə bağlı sonuncu təkliflə əlaqəli optimist tonla çıxış edib və bununla da, hətta mühasirəyə alınmış zolağın tibb işçiləri cümə günü Qəzzanın ən cənub şəhəri Rəfaha yeni zərbələrin endirildiyini bildirdiyi bir vaxtda belə, tezliklə razılığın əldə olunacağına dair ümidləri artırıb.

HƏMAS rəhbəri İsmayıl Haniyə deyib ki, qrup davam edən atəşkəs müzakirələrini "xalqımızın tələblərini reallaşdıran" razılaşma ilə başa çatdırmaq üçün "tezliklə" Misirə bir heyət göndərəcək.

Silahlı qruplaşmanın siyasi qanadının lideri Haniyə cümə axşamı Misir və Qətər vasitəçilərinə zəng edərək bildirib ki, HƏMAS İsraildən gələn son təklifi “müsbət ruhla” incələyir.

Birləşmiş Millətlər Təşkilatının hesabatında təxminən 7 ay davam edən müharibə zamanı dağılan bütün evlərin yenidən qurulmasının 80 il çəkə biləcəyini təxmin edilib.

“Dağıntıların miqyası böyük və misilsizdir... bu, qlobal ictimaiyyətin İkinci Dünya Müharibəsindən bəri qarşılaşmadığı bir missiyadır”, BMT İnkişaf Proqramının Ərəb Dövlətləri üzrə Regional Direktoru Abdallah əd-Dərdari İordaniyada keçirilən brifinqdə deyib.

BMT-nin İnkişaf Proqramı qiymətləndirməsində sosial-iqtisadi zərərin fələstinlilərin nəsillərinə baha başa gələcəyini proqnozlaşdırır və təcili atəşkəsə çağırır.

İndiyədək atəşkəs üzrə vasitəçilərin əldə edə bildiyi yeganə atəşkəs noyabr ayında 240 fələstinli məhbus müqabilində 105 girovun azad edilməsi ilə bağlı bir həftəlik razılaşma olub.

İsrailin hesablamalarına görə, militantların 7 oktyabr hücumu zamanı ələ keçirdikləri 129 əsir Qəzzada qalır.

Hərbçilər onlardan 35-nin, o cümlədən 49 yaşlı Dror Orun öldüyünü bildirir.

Hökumət Orun ölümünü cümə günü səhər saatlarında təsdiqləyib. Noyabr atəşkəsi zamanı azad edilən girovlar arasında onun iki övladı da var idi.

HƏMAS və İsrail yeni razılaşmanın şərtləri üzərində aylardır mübahisə edir.

Militant qrup müharibəni dayandırmaq üçün daimi atəşkəs və İsrailin qoşunlarının çıxarılmasını tələb edib ki, İsrail bunu rədd edir.

İsrail isə əsirlərin evə gətirilməsi tələbi ilə müntəzəm etirazlarla üzləşsə də, Baş nazir Benyamin Netanyahu mübarizəni davam etdirəcəyinə söz verib.

Forum

XS
SM
MD
LG